“Azərbaycan Uşaq Qaynar Xətt”inə 2023-cü il ərzində 4500-ə yaxın müraciət daxil olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət son 1 illik hesabatını açıqlayıb
Əsas məqsədi çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ildə 4500-ə yaxın zəng qəbul edib. Azercell-in dəstəyi ilə yaradılaraq fəaliyyət göstərən qaynar xəttə hüquqi yardım üçün 1329 zəng daxil olub. Psixoloji problemlərlə bağlı 1080, təhsillə əlaqəli 1004 müraciət cavablandırılıb. 718 zəng sosial, 196-sı isə səhiyyə məsələlərini əhatə edib. Zənglərdən 126-sı digər sahələrə aiddir. Bu müraciətlərin 53% qadın, 46% kişi tərəfindən, 1% isə anonim şəkildə daxil olub.
AUQX hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərə qədər geniş spektrdə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, fəaliyyət göstərdiyi 2010-2023-cü illər ərzində qaynar xəttə 72000-dən çox müraciət daxil olub.
Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt (ushaqqaynarxetti@gmail.com), internet səhifəsi, facebook və instagram sosial şəbəkələri və İOS və Android sistemləri üçün nəzərdə tutulmuş “uşaqqaynarxetti” mobil əlavə üzərindən həyata keçirir.