Azercell abunəçilərinin nəzərinə!
“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” mesaj mübadilə sistemi və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarışlara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmunun “Azercell Telekom” MMC-yə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan internet resurslardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonları nəzarətsiz qoymamağı, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairdən yararlanmamağı tövsiyə edir.
Xüsusən də, abunəçilərə istifadə etdikləri mesaj mübadilə sistemləri (“WhatsApp”, “Telegram”, “WeChat” və s.) və sosial şəbəkələrdə (“Facebook”, “İnstagram”, “Reddit”, “TikTok” və s.) təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ikiqat autentifikasiyanın aktivləşdirilməsi tövsiyə edilir. Müvafiq hesablarınıza icazəsiz giriş/müdaxilə halları aşkar edildikdə, hesabın bərpası üçün dərhal tədbirlər görün, autentifikasiya üçün birdəfəlik şifrənin (OTP: ONE TIME PASSWORD) əldə edilməsi üsulunu SMS üzərindən deyil, daha təhlükəsiz hesab edilən telefon zəngi vasitəsilə dəyişdirin. Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiq tətbiqin tənzimlənməsi bölümündən (ayarlar/settings/настройки) aidiyyəti sosial şəbəkə/mesaj mübadilə sisteminin Yardım Mərkəzinə müraciət edin.