Azercell BMT-nin Qlobal Sazişinə qoşulub
Mobil operator Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çalışacaq
“Azercell Telekom” MMC böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunduğunu elan edir. Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. BMT Baş Katibinin köməkçisi və BMT Qlobal Sazişinin İcraçı Direktoru Sanda Ojiambo salamlama məktubu vasitəsilə “Azercell Telekom” MMC-ni bu təşəbbüsdə iştirakı münasibətilə təbrik edib.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Mobil infrastrukturunu yüksək texnologiyalar əsasında quran, Korporativ Sosial Məsuliyyət strategiyası sağlam dəyərlərə əsaslanan, ölkədə biznes ekosisteminin inkişafına daima dəstək verən “Azercell Telekom” innovativ həllərin tətbiqi ilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və “yaşıl” texnologiyalar tətbiq edir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji maarifləndirmənin təşviqinə və Azərbaycanın davamlı inkişaf hədəflərinə çatmasına kömək edir.
BMT-nin Qlobal Sazişinə qoşulmaqla, “Azercell Telekom” insan hüquqları, ətraf mühit, anti-korrupsiya və əmək hüquqları sahəsində qlobal əlaqəni gücləndirərək BMT-nin ixtisaslaşmış agentlikləri ilə sıx əməkdaşlıq nəticəsində innovasiyalara əsaslanan möhkəm, inklüziv və dayanıqlı infrastruktur yaratmağa və onu təşviq etməyə çalışacaq.