Azərbaycanın bir sıra qabaqcıl şirkətləri, eləcə də ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 13-cü Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalibləri bəlli olub. “ADA” Universitetində keçirilən final mərasimində 1-ci yeri – Azərbaycan Dövlət İqtisad Universiteti, 2-ci yeri – ADA Universiteti,3-cü yeri – Qafqaz Universitetini təmsil edən iştirakçılar qazanıb. 50 komanda arasından yalnız bu 3 Universitetinin tələbələri final mərhələsində iştirak etmək şansı qazanıblar. Qalib komandalara ümumilikdə 10 500 AZN mükafat təqdim olunub. 1-ci yerin sahibi 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN ilə mükafatlandırılıb. Pul mükafatı ilə yanaşı, qaliblərə yarışmaya dəstək verən digər şirkətlər tərəfindən müxtəlif mükafatlar, hədiyyə kuponları, xüsusi səyahət və digər hədiyyələr təqdim edilib. Qeyd edək ki, hər il olduğu kimi, qalib komandanın ən çox fərqlənən bir üzvünə Azercell şirkəti tərəfindən xüsusi təqaüd də təqdim olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan Biznes Keys Yarışmasına bu ilin sentyabrında 50 komanda iştirak üçün müraciət etsə də, sonrakı müsahibə mərhələlərində komandaların sayı 21-yə endirilib. Yarışmada “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Qafqaz Universitetinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi tərəfindən təşkil edilən yarışmanın əsası 2002-ci ildə qoyulub. İndiyə qədər 800-dən çox tələbə ABCC-də iştirak edib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.