Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell ölkəmizdə keçirilən daha bir nüfuzlu konfransda iştirak edib. Oktyabrın 15-də Azərbaycanın aparıcı şirkətləri, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirən Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Konfransında Azercell də iştirak edib. Sözügedən tədbirin məqsədi ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir. Eyni zamanda konfransda korporativ sosial məsuliyyətlər üzrə yerli və qlobal təcrübənin və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumların təcrübəsinin təqdim edilməsi, özəl şirkətlərin KSM siyasəti çərçivəsində sosial layihələrdə daha effektiv iştirak etməsinə və təşviq edilməsinə zəmin yaradılması, vətəndaş cəmiyyətində korporativ sosial məsuliyyət anlayışının formalaşması və inkişafı mövzusunda müzakirələr aparılıb.
TeliaSonera şirkətinin Korporativ əlaqələr üzrə vitse‐prezidenti Ülviyyə Həsənzadə konfransın İKT Müəssisələrinin Korportaiv Sosial Siyasəti və Cəmiyyətə Sosial Təsiri bölümündə moderator kimi, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov isə məruzəçi kimi cıxış ediblər. Ülviyyə Həsənzadə öz çıxışında İKT sektorunun dünyanın əksər yerlərində artım və innovasiya üçün aparıcı qüvvə olduğunu vurğulayıb.
Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov isə Azərbaycanin İKT sektorunun dayanıqlı inkişafı üçün çağırışlar və perspektivlər mövzusunda məruzəçi kimi çıxış edərək Barama və onun həyata keçirdiyi layihələr, innovasiyalar haqında danışdı və dayanıqlı və innovasiya yönümlü inkişaf naminə biznesləri partnyorluğa dəvət etdi.
Qeyd edək ki, Azercell Telekom fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan Azercell təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb. Şirkətin bu istiqamətdə olan uğurlu layihələri sırasında Uşaq Qaynar Xətti, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Mobil Göz və Mobil Diş Klinikaları, Yaşıl radio baza stansiyaları, Tələbə Təqaüd Proqramları, Jurnalistlər üçün peşə və ingilis dili kursları, Korporativ Sosial Məsuliyyət üzrə müxtəlif tədbir və konfransların təşkili və s. təşəbbüsləri misal göstərilə bilər. Azercell indiyə qədər sosial layihələrin həyata keçirilməsinə 19 il ərzində 20 milyon ABŞ dollarına yaxın vəsait sərf edib. Azercell Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatalara layiq görülüb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.