Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutdu
Azercell və “Ümidli Gələcək” İB Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində təlim keçiblər. Penitensiar Xidmətin dəstəyi ilə baş tutan təlimə 100-ə yaxın qadın qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka, yeni iş imkanları mövzularında çıxış ediblər, sonda isə qadınları maraqlandıran suallar cavablandırılıb. Təlimin əsas məqsədi məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
Təlim iştirakçılarına həmçinin “Qadın Dəstək Xətti” barədə məlumat verilib. Onlara gələcəkdə bu xidmətdən yararlanmaq tövsiyə edilib.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılmış “Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram, həmçinin İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.