Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur
Azərbaycanın lider mobil operatoru “GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edəcək. Konfrans Azercell və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq tədbir mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və beynəlxalq ekspertləri bir araya gətirərək onlara sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmağa şərait yaradacaq.
“Biz “GSMA M360 Eurasia 2023 konfransı”nın baş sponsoru olaraq bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq”, - deyə Azercell-in prezidenti Zərinə Zeynalova bildirib. "Azərbaycanın lider mobil operatoru kimi biz mobil rabitə sənayesində innovasiyaları və inkişafı daim təşviq edirik. Tədbir mobil bağlanti sahəsinin gələcəkdə böyüməsi və dəyər qatması üçün doğru sərmayə yatırımını müzakirə etmək, bu kritik infrastrukturun qorunması ilə bağlı fikir mübadiləsi üçün əla platforma olacaq".
Qeyd edək ki, GSMA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilərin çıxışı ilə yanaşı, panel müzakirələri də yer alacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzuları əhatə edəcək. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcək.
16 və 17 May tarixlərində Bakıda keçiriləcək bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.
Tədbir barədə daha ətraflı məlumatı bu səhifədən əldə etmək mümkündür: https://www.mobile360series.com/eurasia/.