25-28 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində qabaqcıl texnologiyaları sərgiləyən, eləcə də sənayeyə təsir edən ən qızğın mövzuları müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirən “Mobil Dünya Konqresi” (“Mobile World Congress” – MWC) keçirildi. 2400-dən çox aparıcı telekom şirkətlərinin iştirak etdiyi dünyanın ən möhtəşəm mobil tədbirinə ölkədə rabitə sahəsinin inkişafına hər zaman öz töhfəsini verən, Azərbaycanın lider mobil operatoru “Azercell Telecom” MMC-nin də heyəti qatıldı. Şirkət mütəxəssislərinin iştirak etdiyi bu sərgi texnoloji yeniliklərin tətbiqini nəzərdə tutan rəqəmsal eraya operatorun infrastrukturunu hazır etmək, texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, maraqlı təcrübələrdən bəhrələnmək, innovativ tendensiyaları tezliklə ölkəyə gətirmək və ümumilikdə dünya telkosunun ritmini və vizyonunu hiss etmək baxımından faydalı təcrübə bəxş edib.
MWC sərgisi gələcəyi formalaşdıran həll yollarını araşdırmaq, çağırışları müzakirə və tədqiq etmək, eləcə də əyani surətdə bu texnologiyaların insan həyatının əyləncə, nəqliyyat, ictimai xidmətlər, sənaye, veb və bulud bağlantısı da daxil bütün aspektlərinə necə böyük bir təsirə malik olmasını müşahidə etmək imkanı təqdim edir.
200 ölkənin 107 mindən artıq nümayəndəsinin iştirak etdiyi sərgidə bir sıra aparıcı şirkətlər “5G”, “Əşyaların İnterneti” , “Mobil Qoşulma”, “Ağıllı Bağlantı”, “Süni İntellekt”, “İnkişaf üçün Mobil” mövzularına əsaslanan programlarını nümayiş etdirdilər.
MWC sərgisi ilə bağlı öz təəssürat və fikirlərini Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasla olan müsahibəsində bölüşüb. Müsahibəni bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/azercell/videos/1984835524979338/
Mobil texnologiyalar vasitəsilə insanların gündəlik həyatını asanlaşdırmağı hədəfləyən Azercell, rəqəmsal aləmin yeniliklərini abunəçiləri üçün əlçatan etmək istiqamətində fəaliyyətini davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.