Hər zaman ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azərbaycanın lider mobil
operatoru Azercell Telekom yenidən nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görüldü. Şirkət telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə) mükafatını qazandı. Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell bu mükafata layiq görülüb.
"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir. Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünyanın işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" mükafatı təqdim edilib.
Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə “İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də isə ətraf mühitin qorunmasına xidmət edən “Karbon Kalkulyator” layihəsinə görə”İlin Kreativ Komandası”, 2014-cü ildə isə 3 nominasiya üzrə lin ən yaxşı məhsulu (“Bölgə” tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə, İlin ən yaxşı Müştəri Xidməti(Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə)üzrə Stevie mükafatına layiq görülüb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.