get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Barama Mərkəzi “Gələcəyi qur" layihəsində məktəblilərə dəstək oldu

calendar 06.10.2018

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir. Mərkəz bu dəfə “Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və “Junior Achievement Azerbaijan”-nın təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı" layihəsində tərəfdaş kimi çixış edir.  Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin faəliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb.  Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bugünə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi “Məqsədli Karyera” təlim proqramına cəlb edib.

 

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yarandığı gündən etibarən bilik və bacarıqların artırılması məqsədilə məktəblilər üçün bir sıra maraqlı layihələr həyata keçirib.  Seminar və təlimlərin təşkili, yay-qış məktəb proqramlarını həyata keçiriməsi və Olimpiadalara hazırlıq kurslarında məktəblilərə dəstək Baramanın əsas fəaliyyət istiqamətlərindəndir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.