Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMC və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir. Startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə keçirilən startap turu bu dəfə Tovuz rayonunda baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb.
Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Daha sonra layihədə iştirak etmək üçün müraciət edən komandalar arasında müsabiqə keçirilib və qaliblər müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi olub, ikinciliyə “Bacarıqlı əllər” ideyası, üçüncülüyə isə “Görən gözlər” layihəsi layiq görülüb.
Layihə çərçivəsində Tovuzdan sonra Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsi keçirilib. ADA Universitetində baş tutan startap marafonunda 10-dək ali məktəbin komandası öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Azərbaycan Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edib. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatı keçirilib. Bakı üzrə “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri finalçılar qismində seçilib
Qeyd edək ki, layihələr münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar üzrə qiymətləndiriləcək və yaxın günlərdə 3 əsas yerin qalibi ictimaiyyətə açıqlanacaq.
Bu mərhələdə qələbə qazanan komandalar cari ilin avqust ayının sonlarında 12 regionun da qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək imkanı əldə edəcək. Oktyabrda keçiriləcək ümumrespublika finalında isə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Qalib gələcək ilk üç yerin sahiblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcəkdir. Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.
Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb.
Vurğulamaq istərdik ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən komandalara mentorluq dəstəyi göstərilib. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir çox layihələrin və startapların müstəqil şirkətlərə çevrilməsinə yardım etmişdir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz sahibkarlıq və informasiya texnologiyaları mövzularında bir çox təlimlərin, seminarların keçirilməsinə təşəbbüs göstərmiş, bir sıra tədbirlərə ev sahibliyi etmişdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.