"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, həmçinin uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın sponsorluğuAzərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində “Barama Regional Sahibkarlıq Konfransı"nı həyata keçirib. Konfransın təşkil olunmasında məqsəd - uğur qazanmış peşəkarlara öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub. Konfransda İmran Bağırov, Fədai Əfəndiyev, Tural Abbasov, Məmməd Kərimov və Fərrux Rəhimov məruzəçi qismində iştirak ediblər. Məruzələr “Müasir təhsil texnologiyaları və onların tətbiqi”, “4-cü texnoloji inqilab və innovasiyalar”, “Startap inkişafının 5 mərhələsi”, “Biznes üçün investisiya almağın yolları”, “Gələcək üçün bu gün nə etməli?”, “Özünə inam və motivasiya”, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu” və digər mövzuları əhatə edib.
Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara yardım etmək məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi də fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək olmaq, startap mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq və Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.