Ölkədə təhsilin inkişafına hər zaman dəstək verən Azercell Telekom MMC-nin British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində təlimlərin ilk raunduna start verilib. Təlimlər Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən 15-17 dekabr, 2015-ci il tarixlərində 5 nömrəli Bakı peşə liseyində keçirilib. Təlimlərdə ərizələrin qəbulu yolu ilə seçilmiş Bakıda yerləşən müxtəlif peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Təlimlər zamanı müəllimlər peşə təhsili üzrə effektiv təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması kimi mövzular üzrə biliklər əldə ediblər. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda yerləşən peşə məktəblərində IKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə aidiyyatlı sahə üzrə fəaliyyət göstərən müəllimlərin peşə təhsilində effektiv tədris metodları üzrə təlimlərin keçirilməsi ilə qabiliyyət potensialının inkişaf etdirilməsidir.
Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaq.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.