Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu ilin əvvəlindən indiyə qədər valideyn himayəsindən məhrum olan 500 uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Eyni zamanda, klinikada bu il ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Son 3 ay ərzində isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən Bakıda yerləşən "Duyğu" sosial reabilitasiyası ictimai birliyində və Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmolojı müayinələr keçirilib. Səfər zamanı 100 nəfərdən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.