get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Onlayn Müştəri Xidmətləri indi daha rahat

calendar 14.07.2016

Azərbaycanın lider mobil operatoru Azercell Telekom təklif etdiyi xidmətlərin müştərilər tərəfindən daha rahat istifadəsi üçün hər zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklər tətbiq edir. Ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Azercell tərəfindən istifadəyə verilən Onlayn Müştəri Xidmətləri portalında da istifadəçilər üçün bir sıra yeniliklər edilib. Daha müasir və xoş dizaynda abunəçilərə təqdim edilən Onlayn Müştəri Xidmətləri portalında indi qeydiyyat forması daha da sadələşdirilib. Azercell müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir. Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər. Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər. Ən önəmli yenilik isə ondan ibarətdir ki, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilər. Abunəçilər Azercell-in təqdim etdiyi Onlayn Xidmətlərdən aşağıdakı link vasitəsilə yararlana bilər: https://www.azercell.com/selfservice/client/  

Onu da qeyd edək ki, bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominqdə ikən beynəlxalq zənglərə pul xərcləmədən Azercell ilə əlaqə yaradır, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldirlər. Onlayn müştəri xidmətləri bütün kateqoriyaya aid abunəçilər - Fakturalı Xətt, Fakturasız Xətt (SimSim) və Korporativ abunəçilər üçün tətbiq edilir.

Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, onlayn şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.