Azərbaycanın mobil rabitə bazarının lider şirkəti Azercell Azərbaycan Universitetində keçirilən karyera yarmarkasında iştirak edib. 200 nəfərin iştirak etdiyi tədbirdə tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən Azercell, bu dəfə də ənənəsinə sadiq qalıb. Tədbirdə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına Azercell-də vakant yerlər haqqında da məlumat verilib.
Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb.
Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.