Fevralın 25-də Barcelonada Ümumdünya Mobil Konqresi (Mobile World Congress) işinə başlayıb. Bu nüfuzlu toplantıya dünyanın hər yerindən aparıcı mobil operatorlar, İKT şirkətləri, telekommunikasiya sahəsində lider qurumlar qatılıb. Azərbaycandan bu mötəbər tədbirə Azercell Telekom MMC şirkətinin nümayəndələri də qatılmışlar.
Dörd gün davam edəcək konqres boyunca əsasən inkişaf edən bazarda rast gəlinən trendlərdən söz açılacaq. Hər il olduğu kimi bu dəfə də Mobile World Congress son texnoloji nailiyyətlər, yeni ideya və təşəbbüslərin səslənəcəyi məkan olacaq. Konqresin 40-dan çox sessiyasında mobil rabitənin gələcəyi, yeni texnologiyaların tətbiqi və s. məsələlər barədə fikir mübadiləsi aparılacaq. Ən nüfuzlu şirkətlərin lider və ekspertlərinin iştirakı ilə mobil rabitə sahəsində müşahidə olunan problemlər, onların həlləri ilə bağlı panellər keçiriləcək. İnteraktiv sessiyalarda mobil internet, mobil əyləncə, telekommunikasiya sahəsində innovasiyalar, statrup-lar və s. bir çox fərqli mövzularda diskussiyalar təşkil olunacaq.
“Azercell” şirkətinin nümayəndələri hər il bu tədbirdə iştirak etməklə konqres iştirakçıları ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatlarla bölüşürlər.
Qeyd edək ki, Mobile World Congress hər ilin fevralında Barselonada keçirilir. Tədbir çərçivəsində konfransla yanaşı sərgi də təşkil olunur. Bura dünya mobil industriyasının aparıcı isimləri qatılır, öz məhsullarını nümayiş etdirirlər. Hər il sərgidə səhiyyə, maliyyə və bank sektrunda mobil texnologiyalar, digər seqmentlərə dair stendlər təqdim edilir. Ümumilikdə sərgiyə 1500-dən çox iştirakçı qatılır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.