Ölkənin lider mobil operatoru korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiq edib
“Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Belgelendirme şirkətinin 30-31 oktyabr 2023-cü il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib və sertifikatın vaxtı üç ilədək uzadılıb. ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Beynəlxalq standartlara uyğunluq sertifikatı Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyevaya təqdim olunub. Ş.Əliyeva Azercell-in bu sertifikatı əldə edən ilk mobil operator olduğunu vurğulayaraq şirkətin korrupsiya ilə mübarizə proqramının tətbiqi və təşviqində məqsədyönlü və qətiyyətli addımlar atdığını bildirib.
Qeyd edək ki, uzun müddətdir ki, Azercell-də xüsusi antikorrupsiya proqramı tətbiq olunur. Proqramın əsas istiqaməti korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliği, bu istiqamətdə işçi heyəti və üçüncü şəxslərə (biznes tərəfdaşları, müştərilər, təchizatçılar və s.) davamlı təlimlərin təşkil edilməsi, korrupsiya halları ilə bağlı məlumatvermə kanallarının yaradılması, komplayens standartlarının effektiv tətbiqinin yoxlanılması, pozuntu hallarının araşdırılması və korrupsiya risklərinin azaldılması üzrə müvafiq tədbirlərin görülməsi və s. aiddir.