get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell xeyirxah çağırışa qoşulub

calendar 13.05.2020

Şirkət əməkdaşları hemotoloji xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyasında iştirak edib

 

Ölkənin lider mobil operatoru Azercell öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib. Mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, Azercell əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.

 

Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya “Azercell Telekom” MMC-nin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.

 

Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.
 

Qeyd edək ki, Azercell Telekom həm korporativ səviyyədə, həm də içilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.