Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib. Azercell-in Barama mərkəzinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib. İmran Bağırovla bərabər sammitə 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəmizi təmsil edəcək “Wake me up” layihəsinin startapı da qatılıb. İ. Bağırov Ukraynadan, Qazaxıstandan, Moldovadan və Gürcüstandan sammitdə iştirak edən startaplarla görüşlər keçirib və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və eləcə də, yerli startaplarımız haqqında geniş məruzə ilə çıxış edib.
Qeyd edək ki, sözügedən sammit dünyanın innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ən qabaqcıl təmsilçilərini bir araya gətirir. 3 gün davam edən Seedstars Cənub-Şərqi Avropa Sammitində 600-dən çox nümayəndə iştirak edib. Sammitə qatılan iştirakçılar öz layihələri ilə çıxış ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində regionda fəaliyyət göstərən startaplar müxtəlif mövzu və ideyalar ətrafında müzakirə aparıblar.
Məlumat üçün bildirək ki, Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.