Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlanıb. 25 aprel tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayan müddət ərzində hazırladıqları resursları münsiflər heyəti qarşısında təqdim ediblər. Xatırladaq ki, developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılması idi. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edib. Beləliklə, ilk 3 yerin qalibi aşağıdakı komandalar oldu: 1ci yer “The Dev Squad” komandası, 2ci yer “Hello Hackathon 2” və 3cü yer “Semicolon“.
Qaliblər Music Gallery, Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılıb. Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə technote.az portalına məxsusdur.
Qeyd edək ki, ötən il də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.