Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Chevron Xəzər LTD-nin dəstəyi və Junior Achievement Azerbaijan-nın təşkilatçılığı ilə “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində məktəblilərə dəstək olublar. Mərkəz əməkdaşları Fidan Tofidi və İradə Məmmədova layihə çərçivəsində məktəblilərlə keçirilən görüşdə iştirak ediblər. 2016-2017-ci tədris ilində həyata keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin yekun mərhələsi olaraq təşkil edilən tədbirin əsas məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək idi. Sözügedən görüşdə Bakı və ətraf rayonlarda yerləşən doqquz ümumtəhsil müəssisəsindən (Neftçi Qurban adına 288 saylı orta məktəb, Əliheydər Kazımov adına 228 saylı orta məktəb, C. Cabbarlı adına 161 saylı tam orta məktəb, Bakı Avropa Litseyi, 49 saylı “İntelekt” məktəb-lisey, 163 saylı tam orta məktəb, 6 nomrəli məktəb-lisey, Elşən Sultanov adına 217 saylı tam orta məktəb,147 saylı texniki humanitar liseyi) layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 110 şagird iştirak edib.
Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları proqram iştirakçılarına karyera seçiminin məktəbdə tədrisinin əhəmiyyətindən, incəsənət sahəsində uğurlu karyeranın mümkünlüyündən, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Barama İnnovasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verərək bildiriblər ki, Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış bir layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, 40–ı uğurla başa çatıb, onlarla şirkət yaranıb.
Görüşün ikinci hissəsində şagirdlərə qrup şəklində hər bir peşəkar ilə dəyirmi masa arxasında maraq sahələrinə uyğun müzakirə aparmaq imkanı yaradılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları müzakirələrdə fəallıqları ilə seçiliblər.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz