Azercell yeni brend kimliyini açıqladı
Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan Azercell iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.
Tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır. “Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. Azercell olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” – deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.
Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.
Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.
Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin Azercell, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib
Yeni dövrdə Azercell-in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran Azercell bundan sonra da, ən son trendlərə uyğun məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.