Azercell Telekom-un tələbələr üçün elan etdiyi “Yay Təcrübə Proqramı-2016”-a qəbul və seçimlər artıq başa çatdı. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. "Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. Məlumat üçün bildirək ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.
Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq. Onu da bildirək ki, indiyə qədər 103 tələbə Azercellin “Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.
Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaCompanyşirkətlər qrupunun bir hissəsidir.