get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə əməkdaşlıq imkanı

calendar 05.04.2016

 

Azercell Telekom MMC ölkədə təhsilin inkişafı ilə baglı layihələrini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində baş tutan imzalanma mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov çıxış ediblər. Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki,  bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda  təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in  bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.

Yeni əməkdaşlıq memorandumu əsasında Azercell şirkəti ilə Univeristet arasında əsasən elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili, təşkilatlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması nəzərdə tutulub. Eyni zamanda  əməkdaşlıq şəraitində Universitetin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsi, Azercell tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, Azercell tərəfindən seçilmiş tələbələr üçün təcrübələrin təşkili planlaşdırılır. Bundan başqa, proqram təminatı sahələrində elmi-tədqiqat işləri aparmaq üçün sifarişlərin verilməsi və bu işlərin aparılması məqsədilə şəraitin yaradılması, müəyyən mövzular üzrə birgə elmi-texniki seminarların təşkili, layihələrin işlənilməsi və istehsalatda tətbiqi kimi məsələlər də əməkdaşlıq memorandumunun bir hissəsidir.

Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Azercell BDU, Xəzər və Qafqaz Universitetləti ilə tələbələrin inkişafına yönələn maraqlı layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

 

Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.