“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir
Valideyn himayəsindən məhrum gənclərin həyat bacarıqlarını artırmaq məqsədilə təşkil olunan layihənin növbəti mərhələsində iştirakçılar yeni təlim proqramları keçib
“Azercell Telekom” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları və gəncləri diqqət mərkəzində saxlayaraq onların inkişafını və təhsilini dəstəkləməyi davam etdirir. Ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda uzunmüddətli “Gənclər bacarır!” layihəsinin növbəti mərhələsi çərçivəsində benefisiarlarla görüşlər keçirilib, seminarlar təşkil edilib.
Proqramda 15-25 yaş aralığında həssas qrupa aid 100 gəncin uğurlu məşğulluğu üçün zəruri olan əsas bacarıqlar aşkarlanıb, təlimçilərlə birgə sözügedən bacarıqların təkmilləşdirilməsi üzərində müxtəlif çalışmalar həyata keçirilib. “YouthLinks” platformasında modullara qoşulub praktiki çalışmaları yerinə yetirmək üçün SOS Uşaq Kəndi və icmaların yetirmələri təlimata uyğun olaraq qeydiyyatdan keçiblər. Valideyn himayəsindən məhrum gənclərin hüquqlarını qorumaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihədə onlar məşğulluq yolunda qarşılaşdıqları maneələri aşmaq, uğurlu iş və karyera qurmaq üçün lazımlı biliklər əldə ediblər; müxtəlif təcrübə və beynəlxalq könüllülük proqramlarına müraciət üçün dövlət, biznes və beynəlxalq layihələrlə tanış olublar. Uzunmüddətli layihənin son mərhələsində peşə hazırlığını bitirmiş gənclərin həmin peşə sahələrində təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.
Qeyd edək ki, 2022-ci ildən etibarən Azercell-in təqdim etdiyi qrant sayəsində həyata keçirilən "Gənclər bacarır!" layihəsi gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və məşğulluğunun təmin edilməsinə müsbət təsir göstərəcək, onların aidiyyəti əmək sahələrində işə yerləşməsinə yardım edəcək.