Azercell şirkətinin prezidenti "Bakutel" sərgisi çərçivəsində NRYT Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib
Ölkəmizdə “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda keçirilən konfransda rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil olunan konfransda “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi qismində çıxış edib. Şirkət prezidenti ölkəmizdə mühüm texnoloji tədbir hesab edilən “Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini vurğulayaraq, tədbirin əsas təşkilatçısı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib.
“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası” mövzusunda çıxış edən Vahid Mürsəliyev Azercell-in LTE şəbəkəsi ilə bağlı ən son nailiyyətləri haqqında konfrans iştirakçılarına məlumat verib. "Hazırda strategiyamızın əsas məqsədi hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda 4G şəbəkəsini genişləndirmək, ən son xidmətlər və yeni biznes həllərini təqdim etmək, yüksək-sürətli interneti dəstəkləyən sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün bunlar, mobil texnologiya vasitəsilə abonentləmizin gündəlik həyatını və işgüzar fəaliyyətini asanlaşdırmağa xidmət edəcəkdir" deyə Vahid M. vurğulayıb. İlin əvvəlindən texnoloji layihələrə və şəbəkəyə böyük yatırımların edildiyini bildirən şirkət prezidenti 2018-ci ilin əvvəlindən Azercell-in bazar payının 1% artaraq ümumilikdə 49%-ə çatdığını, Azercellin şəbəkəyə yeni qoşulan abunəçilərin və cari ildə mobil internet istifadəçilərinin sayına görə də lider olduğunu qeyd edib.
Şirkət prezidenti 5G şəbəkəsinin perspektivləri haqqında da konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin baş verdiyindən, infrastruktur layihələrin həyata keçirildiyindən, yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi böyük əhəmiyyətə malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə istifadə olunan ultra-aşağı ləngimə (4G ilə müqayisədə 30 dəfə sərfəli) kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb. Yaxın vaxtlarda Virtual Reallıq və Genişləndirilmiş Reallıq kimi məlumata ac texnologiyaların istifadəyə veriləcəyi faktına əsaslanaraq, şəbəkələrin böyük həcmdə məlumatları ötürmək qabiliyyətinə malik olmalı olduğunu vurğulayıb.
Vahid Mürsəliyev bildirib ki, 5G şəbəkəsi bazarda öz mövqeyini birdən-birə deyil, müəyyən müddət ərzində bərqərar edəcəkdir və Azercell də öz növbəsində, Azərbaycan rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır.
Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirnin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqqamsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin , “Türk Telekom” İnternational şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.