İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı Azercell Telekom-a baş çəkdi. Bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilmişdir.
Dövlət katibi cənab Oskar Stenström və İsveç Krallığının Azərbaycandakı səfiri xanım Ingrid Tersman Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevin başçılıq etdiyi Azercell rəhbərliyi ilə görüş keçirdilər.
Azercell-in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirdi, Azercell və onun əsas investoru olan Telia şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsinin şirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğuladı. İsveç telekommunikasiya lideri və Azercell-in əsas investoru Telia şirkəti bu görüşdə şirkətin Prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olundu.
Nümayəndə heyətinə Azercell-in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verildi. Müzakirələr zamanı həmçinin Azercell-in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulandı.
Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenström Azercell rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür etdi və qeyd etdi ki, Azercell gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılan telekommunikasiya sektorunda inkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.