Azercell “İnformasiya-kommunikasiya texnologiyaları ili” olan 2013-cü ildə də iddialıdır
Fevralın 6-da “Azercell Telekom” MMC 2012-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirdi. Mətbuat konfransında çıxış edən şirkətin prezidenti Kiril Qaburiç qeyd etdi ki, “Azercell Telekom” MMC ötən il ərzində başlıca prinsiplərinə - keyfiyyətli rabitə və dünya standartlarına cavab verən müştəri xidmətlərini təmin etməyə sadiq qalmışdır. Belə ki, 2012-ci il ərzində 1000-ə yaxın yeni radio baza stansiyası qurulmuş, Müştəri Xidmətləri Mərkəzlərinin sayı 54-ə (32-si bölgələrdə olmaqla) çatmışdır. Şəbəkəsi ölkə əhalisinin 99,8%-i əhatə edən “Azercell”in abunəçi sayı 2012-ci ildə 4,4 milyonu keçmişdir.
2012-ci ildə “Azercell”in uğurlarının ən bariz nümunəsi Eurovision-2012 musiqi yarışmasına Baş sponsorluq etmək, 4-cü nəsil mobil internet texnologiyası olan LTE-ni ilk dəfə olaraq Azərbaycanda tətbiq etmək və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək olmuşdur. Hazırda Azərbaycanda ən sürətli mobil interneti məhz “Azercell” təqdim edir (Ookla şirkətinin sürət testlərinə əsasən).
2012-ci il ərzində şirkət dövlət büdcəsinə 90 milyon manat (fəaliyyət göstərdiyi 16 il ərzində isə ümumlikdə 925 milyon manat) vergi ödəmiş, Azərbaycanda telekommunikasiyanın inkişafına 100 milyon manat (16 il ərzində ümumilikdə 1 milyard manat) sərmayə yatırmışdır. Beləliklə də “Azercell” ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisidir.
İl ərzində şirkət öz işçilərinin inkişafına 1,1 milyon manat həcmində vəsait xərcləmişdir. Ötən il “Azercell” “Investors In People” (IIP) şirkətinin İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Gümüş Sertifikata layiq görülmüş, EPSI Rating şirkətinin tədqiqat reytinqində müştəri məmnuniyyətinə görə birinci yerə çıxmış, həmçinin ötən il ikinci dəfə nüfuzlu “Beynəlxalq Biznes Mükafatı”na (International Business Awards - Stevie) layiq görülmüşdür.
Hər il olduğu kimi, 2012-ci ildə də “Azercell” sosial layihələrə böyük önəm vermiş və bu istiqamətdə xərclədiyi vəsait 1,6 milyon manat olmuşdur. “Azercell” ötən il ərzində həm də İnformasiya Texnologiyaları sahəsində “start-up” layihələrin dəstəklənməsinə də xüsusi önəm vermiş, gənclərin bir sıra biznes ideyalarının həyata keçirilməsini maliyyələşdirmişdir. “Azercell” sosial media sahəsində də Azərbaycanın ən populyar brendi olaraq qalmaqdadır (Socialbakers şirkətinin reytinq cədvəlinə əsasən). “Azercell” tərəfindən müxtəlif sosial şəbəkələr vasitəsilə həm maraqlı xidmətlər təklif edilir, həm də müştəri xidmətləri göstərilir.
Cənab Qaburiç həmçinin bildirdi ki “Azercell” 2013-cü ildə də çox iddialıdır. Mobil Nömrə Daşınması Xidmətinə tam olaraq hazır olan “Azercell” bu il ərzində ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda davam edəcək və öz şəbəkəsini və müştəri xidmətlərini daha da təkmilləşdirəcəkdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.