get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Startapımız “Seedstars World” müsabiqəsinin finalında təmsil olundu

calendar 16.03.2016

Azercell Telekom MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlı startap keçən il ölkədə keçirilən seçmə turunun qalibi olaraq İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars World” müsabiqəsində iştirak edib. 60  startapın qatıldığı müsabiqədə 12 nəfər final üçün seçilərək 500.000 dollar qazanmaq uğrunda yarışıblar. Yarışmanın qalibləri müxtəlif kateqoriyalar üzrə Cənubi Afrika, Avstraliya və Mərakeşi təmsil edən startapçılar elan edilsə də, ölkəmizi təmsil edən startap layihəsi böyük marağa səbəb olub. Azərbaycan müsabiqəyə "Dronee" layihəsi ilə qatılıb. Bu layihə özündə "Hardware" platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun "hardware" (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki,  “Seedstars World” inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il “Seedstars World” 36 ölkəni əhatə edirdisə, artıq bu il iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər. “MEST”, “Google for Entrepreneurs” və “Microsoft” kimi tərəfdaşları olan “Seedstars World” yenilikçi startaplara platforma təqdim etməklə yanaşı, həm də regional biznesi dəstəkləyir.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC  Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin “Seedstars” şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafı prosesində dünya ilə inteqrasiyanın çox önəmli olduğunu vurğulayıb. O, tədbirdə iştirakından təəssüratlarını bölüşərkən bildirib ki, Azərbaycanda olan gəclərin innovativ və biznes potensialının yüksək olduğunu nəzər alaraq, startaplara münbit şərait yaratmaqla onların bizim ölkə iqtisadiyyatımızdakı rolunu artırmağımız çox məntiqli bir addımdır. Hal-hazırda dünyada innovativ beyinlər və biznes ideyalar uğrunda ölkələr arasında gərgin mübarizə gedir və biz də bu mübarizənin parçası olmaqla həm innovasiyaların tətbiqi, həm də dünya səviyyəli investorları ölkəmizə investisiya qoymağa təşviq edək üçün daha da çox çalışmalıyıq. “Ölkələr arasındakı növbəti dövrün rəqabəti artıq elm və innovasiya üzərində olacaq”, deyə İmran Bağırov əlavə edib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.