Azercell Telekom MMC SABAH Karyera Akademiyası proqramı çərçivəsində tələbələrə dəstəyini davam etdirir. Şirkət əməkdaşları bu dəfə SABAH Karyera Qış Məktəbi layihəsi çərçivəsində Qubada tələbələrə təlimlər keçiblər. Azercell Telekom MMC-nin İnsan Qaynaqları departamentinin Biznes Partnyorluq şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və İşə Qəbul mütəxəssisləri Sevinc Teymurova, Vahidə Orucova, Aysel Eynullayevanın keçdikləri təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
100-ə yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb.
İştirakçılar Azercell əməkdaşlarının təqdim etdiyi təlimin faydalarından danışdılar. Şahin Xəlilov, AzTU: “Təlimdə iştirakdan sonra CV-min nə qədər yanlış tərtib olunduğunun fərqinə vardım. Real olaraq CV-mi yenidən yaratmaq imkanı qazandım. Intervyu mərhələsində qalib gəlmək üçün incə detallara qədər öyrədildi. Artıq tam hazır şəkildə vakansiyalara “hücum etməyə” hazıram.”
Əfsanə Fərzəliyeva, ADİU: “Təlim sayəsində biz düzgün CV yazılmasını öyrəndik və bu nümunədən sonra bizə aydın oldu ki, nə səbəbdən müsahibəyə dəvət olunmaya və ya müsahibə mərhələsindən uğurla keçməyə bilərik. Təlim zamanı biz müsahibələrin növləri və mərhələləriylə əyani şəkildə tanış olduq. Hesab edirəm ki, artıq daha əminliklə əmək bazarına atıla bilərik!”
İki gün davam edən təlimin sonunda iştirakçılara sertfikatlar, təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i SABAH Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat” movzularında qısa sessiyalar keçirilib.
Məlumat üçün bildirək ki, SABAH Karyera Qış Məktəbi layihəsinin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz