Xidmətin İOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb.
Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, “Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytların və smartfonlar üçün tətbiqlərin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin istifadəyə verilməsinə ehtiyac duyur: “2010-cu ildə şirkətimizin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin ötən il Android cihazları üçün mobil əlavəsini istifadəyə verdik. 1 il ərzində bu əlavə nəticəsində uşaqların çətinlikləri, psixoloji durumları ilə daha yaxından tanış olmaq imkanın yarandığını müşahidə etdik. İndi “Uşaq Qaynar Xəttinin” mobil əlavəsi həm Andorid, həm də İOS cihazları üçün mövcuddur. Texnologiyaların insan həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavə vasitəsilə dünyanın istənilən nöqtəsində əlçatan olmasını zəruri hesab edirik. Onun yaradılması və fəaliyyət göstərməsinə dəstək olmağımız bizim üçün qürurvericidir. Korporativ Sosial məsuliyyət strategiyası çərçivəsində Azercell uşaq hüquqlarının qorunması, uşaqların xoşbəxt yaşamaları üçün ənənəvi tədbirlərinə bundan sonra da önəm verəcək.”-deyə şirkət prezidenti qeyd edib.
Təqdimat mərasimində “Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov mobil tətbiqdən istifadə qaydalarını izah edərək bildirib ki, “hisslərimin kitabçası”, “stressini at”, “canlı çat”, “məsləhətçi” və bu kimi bir neçə bölümü olan tətbiq uşaqların üzləşdiyi çətinliklərlə ilkin mərhələdə xəbər tutmağa kömək edir. Tətbiqdə yerləşdirilmiş naviqasiya vasitəsilə uşaqlar daha rahat şəkildə təcili təxirəsalınmaz kömək ala bilərlər. Tətbiq təkcə fiziki və ya psixiki zorakılıqla üzləşən, fərqli sahələrdə çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulmayıb. Proqram üzərindən valideynlər övladlarının inkişafını izləyə və doğru istiqamətə yönəldə bilərlər.
Çıxışlardan sonra tədbirdə “Uşaq Qaynar Xətti” xidmətinin fəaliyyətini əks etdirən video sujet yayımlanıb. Mərasimin sonunda fiziki məhdudiyyətli və “Uşaq Qaynar Xətti”xidmətindən yararlanan uşaqların iştirakı ilə musiqili çıxışlar təqdim edilib.
Məlumat üçün bildirək ki, “Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir.
Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq “Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.