get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Ətraf mühit və Sağlamlıq

Sağlamlıq və Təhlükəsizlik

Elektromaqnit şüalanma və insan sağlamlığı

Əksər insanların mobil şəbəkənin təqdim etdiyi xidmətlərin və mobil telefonların aktiv istifadəçisi olmasına baxmayaraq, bəzi insanlar radio-baza stansiyalarının fəaliyyətinin sağlamlıq üçün fəsadlarından narahatdırlar. Bununla əlaqədar olaraq, mobil rabitə, radio-baza stansiyaları və radiotezliklər, onların insan sağlamlığına təsiri haqqında ətraflı məlumat vermək istərdik.

Şanvari rabitə sistemi nədir?

Mobil rabitə şəbəkələri “şan” adlanan coğrafi sahələrə bölünür ki, onların hər birinə radio-baza stansiyası xidmət göstərir. Sistem elə planlaşdırılıb ki, istifadəçilər bir şandan digərinə hərəkət etdikcə, mobil telefonların şəbəkə ilə daimi əlaqəsi təmin olunur. Əlaqə yaratmaq üçün mobil telefonlar və radio-baza stansiyaları bir-biri ilə radiosiqnal mübadiləsi aparırlar. Şəbəkənin qənaətbəxş işləməsi üçün bu siqnalların səviyyəsi əsaslı surətdə optimallaşdırılır.

Şanvari rabitə sistemi necə işləyir?

Mobil telefonlar işə salınan zaman yaxınlıqda yerləşən radio-baza stansiyalarının müəyyən siqnallarına cavab verir. Şəbəkədə telefonun qoşula biləcəyi radio-baza stansiyası tapıldıqda, əlaqə yaranır.  Sonra isə, istifadəçi zəng etmək və ya zəngi qəbul etmək istəyənə qədər telefon arabir şəbəkə ilə rabitəni yeniləyərək, fəaliyyətsiz qalır. Mobil rabitə şəbəkəsinin əlavə aspekti ondan ibarətdir ki, danışıq zamanı istifadəçi hərəkət etdikcə, şəbəkə rabitə seansını bir radio-baza stansiyasından digərinə ötürmək qabiliyyətinə malik olmalıdır. Bu proses “seansın ötürülməsi” adlanır. Şəbəkə tam mənası ilə seansı bir radio-baza stansiyasından digərinə ötürür və bu proses maneəsiz olmaqla, abonentlərə dəyişikliklər haqqında xəbərdarlıq edilmədən həyata keçirilir.

Radio-baza stansiyası (RBS)

Mobil telefonlar radio-baza stansiyaları olmadan işləyə bilməz. Azercellin radio-baza stansiyaları şəbəkəsi bizə imkan verir ki, əhatə dairəsini daha da genişləndirək, habelə video-zənglər, internet və s. xidmətləri tətbiq edə bilək. Radio-baza stansiyalarının ötürdüyü elektromagnit dalğalarının güc səviyyəsi tələb olunan sahədən və ya əhatə dairəsini təmin edən “şan”dan asılı olaraq dəyişir, Azercellin istifadə etdiyi stansiyalarda ötürücülərin gücü 20 vattı aşmır. Binadaxili radio-baza stansiyaların ötürücü gücü dəfələrlə aşağı olur.

Radio-baza stansiyası bir neçə komponentdən ibarətdir:

  • Əsas (kabinet) avadanlıqları üçün bölmə;
  • Qəbuledici-ötürücülərin və antenaların lazımi hündürlüyünü təmin edən dayaq və ya dirək. Qüllələr əsasən torpaqda qurulur. Dirəklər isə relyefdən asılı olaraq, daha yaxşı əhatə zonasının təmin edilməsi məqsədilə yerdə və ya binanın üzərində qurulur;
  • Eni adətən 15-30 sm, uzunluğu isə çalışma tezliyindən asılı olaraq 2 metrə qədər olan antenalar. Bu antenalar radiotezliklər vasitəsilə radiodalğaları yayır və qəbul edir. Radiodalğalar dəstələrlə buraxır. Bu dəstələr şaquli (uzununa) istiqamətdə nazik, üfüqi istiqamətdə (eninə) isə genişdirlər.

Bilavasitə antenanın altındakı yer səviyyəsində radiodalğaların səviyyəsi çox aşağı olur. Bir qayda olaraq, radio-baza stansiyasının antenasından hətta bir neçə metr məsafəyə uzaqlaşdıqca, radiodalğanın gücü azalır, intensivlik səviyyələri beynəlxalq hədlərdən çox aşağı düşür. Mobil şəbəkənin funksionallığını təmin etmək üçün antenalar adətən müəyyən hündürlükdə yerləşdirilir və zəruri hallarda radio-baza stansiyaları hasara alınır, yaxud bilavasitə sahəyə yalnız giriş səlahiyyəti olan işçi heyətinin yaxınlaşa bilməsi barədə xəbərdaredici məlumat verən digər vasitələrlə məhdudlaşdırılır. Ümumiyyətlə isə radio-baza stansiyalarının ətrafında radiodalğaların ümumi səviyyəsi beynəlxalq təhlükəsizlik tələblərinin hüdudlarında olur.

Radiodalğa və onun insan sağlamlığına təsiri 

Radiodalğalar radioşəbəkələrdə məlumatların ötürülməsi üçün istifadə olunur. Beynəlxalq aləmdə tanınmış, müstəqil “İonlaşdırmayan Şüalanmadan Mühafizə üzrə Beynəlxalq Komissiya” (ICNIRP) radiodalğaların yaratdığı elektromaqnit şüalanmanın cəmiyyətin bütün üzvlərinə təhlükəsiz təsir səviyyələrini müəyyən edən əsas prinsipləri nəşr edib. Əldə olunan nəticələrə əsasən, radio-baza stansiyaların və simsiz şəbəkələrin radiodalğa siqnallarının təsir səviyyələri o dərəcədə aşağı olur ki, onlar insan sağlamlığına mənfi təsir etmir. Faktiki olaraq radiodalğa siqnallarının bərabər səviyyədə təsiri zamanı mobil rabitənin radiodağaları ilə müqayisədə radioqəbuledicinin və televizorun aşağı tezlikli radio dalğaları insan orqanizminə beş dəfə daha çox təsir edir. Bu onunla izah olunur ki, radioyayımda (100 MHs-ə qədər) və televiziya yayımında (təxminən 300-400 MHs) istifadə edilən radiotezliklər mobil telefon rabitəsində istifadə olunan radiotezliklərdən (900MHs, 1800MHs, 2100 MHs) aşağıdır. Eyni zamanda, radioyayım və televiziya yayımı stansiyaları uzun müddətdir ki, fəaliyyət göstərir və bu vaxt ərzində onların sağlamlığa hər hansı mənfi təsiri aşkar olunmayıb. 

Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nda 30 khz–300 Ghz tezlik diapazonlu elektromaqnit sahələrin əhali üçün enerji seli sıxlığının (ESS) yol verilən səviyyəsi 10 mkv/sm2 təyin edilmişdir. Azercellin istismar etdiyi radio-baza stansiyalarda isə radiodalğa siqnallarının enerji selinin sıxlığı maksimum 1.5 mkv/sm2 olmuşdur. Əksər radio-baza stansiyalarının radiodalğa siqnallarının enerji selinin sıxlığı isə 0.1 mkv/sm2-0.5 mkv/sm2 arasında dəyişir. Bu isə normadan ən azı 20 dəfə az göstərici deməkdir.

ICNIRP-nin əsas prinsipləri beynəlxalq səviyyədə geniş surətdə qəbul edilmiş və təhlükəsizlik standartlarına çevrilmişdir. Bu prinsiplər mobil telefonlara, həmçinin radio-baza stansiyalarına tətbiq olunur və radiodalğa şüalarının sağlamlığa təsirinin bütün mövcud səviyyələrini özündə əks etdirir. ICNIRP-nin təyin etdiyi səviyyə çərçivəsində təsir zamanı sağlamlıq üçün hər hansı məlum mənfi təsir hallar istisna edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə belə nəticəyə gəlmişdir ki, mövcud sübutlar aşağı gücə malik elektromaqnit sahələrinin sağlamlığa hər hansı mənfi təsirinin mövcudluğunu istisna edir. Mobil telefonların və radio-baza stansiyalarının radiodalğa şüalanmasının sağlamlığa təsiri barədə ÜST-ün gəldiyi nəticələr milli və beynəlxalq orqanlar tərəfindən yaradılan bir çox rəsmi ekspert şuralarının rəylərinə əsaslanır.  Həmin şuralar son 10 il ərzində dərc edilən elmi ədəbiyyatı nəzərdən keçirmiş və ICNIRP-nin müəyyən etdiyi təsir hədlərində mobil telefonların və radio-baza stansiyalarının radiodalğa şüalarının insan sağlamlığı üçün hər hansı mənfi nəticəyə gətirib çıxarması ilə bağlı ağlabatan və ya inandırıcı sübutların olmaması barədə yekdil fikrə gəlmişlər.

Biz bütün hallarda bu sahədə davamlı elmi araşdırmaların aparılmasını alqışlayırıq.