Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub
18 mindən çox idmansevər “Küləyə qalib gəl”mək uğrunda mübarizə aparıb
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub. Marafona 18 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Hər il ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır, iştirakçılar arasında böyük maraq və kütləviliyi ilə seçilir.
Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. 21 kilometr məsafədə təşkil olunan marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.
Qadınların yarışında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar. Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu qalib olub. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
“Azercell Telekom” qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıb. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçılarını da diqqət mərkəzində saxlayıb.