get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell yerli “start-up”-lar üçün yeni imkanlar yaradır

calendar 30.11.2012

Azərbaycanlı gənc sahibkarlar beynəlxalq bazara çıxış imkanı qazanacaqlar


Fevralın 15-17-də Türkiyənin Antalya şəhərində “Start-up Turkey” konfransı keçirilmişdir. Azərbaycanda innovasiya, yeni texnologiyalar və bu sahədə yaranan yeni start-up-lara dəstək olan “Azercell Telekom” MMC-nin nümayəndələri də konfrans iştirakçıları sırasında olmuşlar.
“Start-up Turkey” konfransının əsas məqsədi internet biznesi sahəsində yaranan yeni start-up-lara dəstək olmaqdır. Təşkilatçılar start-up layihə müəlliflərinin sahibkarlar və investorlarla əlaqələrinin qurulmasına, onların sərmayə qazanmaq imkanının əldə olunmasına yardım edir. Türkiyənin “e-Toxum” layihəsi çərçivəsində baş tutan bu konfrans internetlə bağlı yeni iş fikri olan, hələlik öz şirkətini qurmamış, sərmayə, idarəçilik və digər dəstəyə ehtiyacı olan və bu imkanları yarada bilən kəsləri bir araya gətirir.
“Start-up Turkey” konfransında Azercell-in Barama İnnovasiya Mərkəzinin nümayəndələri də çıxış etmiş, “Azercell”-in Azərbaycanda İKT sahəsində gənc sahibkarların müxtəlif maraqlı layihələrinə verdiyi dəstək haqqında danışmışlar.
Tədbirdə Türkiyə ilə yanaşı, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdən biznes inkubator mərkəzlərinin nümayəndələri, fərdi sahibkarlar və investorlar iştirak ediblər. Konfransda iştirak edən start-up-çılar öz layihələrini İntel, Qualcomm, Nokia, Yandex kimi şirkətlərin nümayəndələri, fərdi investorlara təqdim ediblər.
Tədbirin nəticəsi olaraq e-Toxum və “Azercell”-in Barama İnnovasiya Mərkəzi arasında tərəfdaşlıq əlaqələri qurulmuşdur. Növbəti illərdə Azərbaycandan olan start-up-ların birbaşa bu tip tədbirlərdə iştirakı nəzərdə tutulur. Eyni zamanda, ABŞ və Türkiyədən olan mütəxəssislərin Azərbaycanda yerli startup-lara mentorluğunun təşkili, onların yaratdığı məhsulların beynəlxalq bazara çıxış imkanının təmin olunması kimi addımlar da planlaşdırılır.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.