Oktyabrın 28-29-da media media nümayəndələri üçün təlim təşkil edilir.
İki gün davam edəcək treninq jurnalistlərin yazı bacarıqlarının artırılması üçün nəzərdə tutulub.
“Ən yaxşı xəbərin yazılması və satılması” mövzusunda keçiriləcək təlimlərdə Türkiyənin tanınmış media ekspertləri Mehmet Binay və Ayzen Atalay təlimçi qismində çıxış edəcək. Təlimdə KİV nümayəndələrinə effektiv xəbər yazmaq, uğurlu başlıq seçimi, xəbərin redaktora satılması və digər məqamlarla bağlı məlumat veriləcək. Treninqin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
İştirakçılar üçün seçim meyarları:
Təlimdə çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edə bilər. İştirakçılar jurnalistikada ən azı 3 il iş təcrübəsinə malik olmalıdır.
Təlimə qatılmaq istəyən jurnalistlər özləri haqqında məlumatı (ad-soyad, təvəllüd, iş yeri, əvvəlki iş təcrübəsi, təhsili və əlaqə məlumatları) qeyd etməlidirlər. Bundan əlavə, təlim üçün müraciət edənlər treninqdə iştirakın məqsədi və təlimdə gözləntiləri haqda fikirlərini də anketə əlavə etməlidirlər. Məlumatları 22.10.2013 tarixinə qədər news@mcs.az ünvana göndərmək lazımdır.
Təlimçilər haqqında məlumat:
Mehmet Binay təcrübəli jurnalist, sənədli film yaradıcısı, fotoqrafdır. Binay jurnalistika karyerasına 1997-ci ildə Türkiyənin NTV kanalında başlayıb və 5 il ərzində həftəlik şou hazırlayıb. Bakı-Tbilisi-Ceyhan xətti haqqında 3 illik araşdırmasının nəticəsi olaraq 97 dəqiqəlik sənədli filmin müəllifidir. Binay hazırda ictimai sektor və beynəlxalq şirkətlər üçün media treneri, fotoqraf və film ustası kimi çalışır. Darmstadt (Almaniya) Texniki Universitetinin siyasi elmlər, iqtisadiyyat və hüquq üzrə məzunudur. Azərbaycan, türk, ingilis və alman dillərində mükəmməl danışır. Ayzen Atalay bacarıqlı televiziya jurnalisti, həmçinin vətəndaş cəmiyyəti üzrə ekspertdir. Xanım Atalay mediada fəaliyyətinə 1990-cı ildə “Hürriyet” qəzetində başlayıb, daha sonra KanalD-də Uğur Dündarın proqramı üçün reportyor kimi işləyib. 20 il ərzində araşdırmalarla məşğul olub, KanalD və NTV kimi televiziya kanalları üçün xeyli sayda xəbər və müxtəlif mövzuda proqramlar hazırlayıb. Atalay vətəndaş cəmiyyəti və ekologiya sahəsində ixtisaslaşıb. Bu müddət ərzində bu sahədə yazan jurnalistlər və QHT üzvləri üçün çoxsaylı təlimlər keçirib. Hazırda NTVMSNBC.com saytında ekologiya bölməsində redaktorudur.