get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Bələdçi

Mobil dələduzluq

Azercell abunəçilərinin nəzərinə!

Sizə qarşı mobil dələduzluq törədilibsə, faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Mobil rabitə operatoru dələduzların hərəkətlərinə görə məsuliyyət daşımır və onları hüquqa zidd hərəkətlərlərinə görə məsuliyyətə cəlb etməsi mümkün deyil.

Hörmətli Abunəçilər,

Son zamanlar Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq, abunəçilərimizi diqqətli olmağa çağırırıq. Bununla əlaqədar tərəfimizdən bütün müvafiq tədbirlər görülməkdədir. Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyə edirik. Əks halda nömrənizin hesabında böyük məbləğdə xərc yarana bilər.

Mobil dələduzluğun ən yayılmış növləri:

Səhvən edilən yükləmələr

Abunəçinin nömrəsinə "Hörmətli Abonent! ... nömrəli abonent Sizin balansınıza ... manat yükləmişdir" məzmunlu SMS gəlir. Daha sonra abunəçiyə zəng və ya SMS ilə bildirilir ki, onun nömrəsinə səhvən yükləmə edilib və ondan eyni məbləği başqa nömrəyə yükləmək xahiş olunur.

Klonlaşdırma

Abunəçi telefonunu başqa bir şəxsə verdikdə SIM-kartının klonlaşdırılması ehtimalı ilə qarşılaşa bilər. Bu əməliyyat xüsusi pirat avadanlığı vasitəsilə edilir. Dublikatın olduğunu kart balansı periodik olaraq qeyri-müəyyən halda azaldığında başa düşmək olar.

Mükafatlar

Abunəçiyə hər hansı tanınmış şirkət və ya naməlum bir nömrədən onun lotereya qalibi olduğu və ya mükafat (pul, telefon, noutbuk və s.) qazandığı haqda SMS bildirişi daxil olur və bu mükafatı əldə etmək üçün göstərilən qısa nömrəyə SMS göndərmək və ya qeyd edilən hesaba pul köçürmək tələb olunur.

Təhlükəsizlik tövsiyələri:

Son zamanlar Android mobil platformasını dəstəkləyən mobil telefonlarda “Notify.rocks” adlı virus yayılıb. Bu virus abunəçiləri müxtəlif xarici istiqamətlərə zəng etməyə vadar edir.

Qeyd edilən virus və qarşısının alınması qaydaları barədə məlumatları aşağıdakı linklərdən əldə edə bilərsiniz:

https://malwaretips.com/blogs/remove-notify-rocks/

https://malwaretips.com/blogs/remove-android-virus/#safemode

https://support.google.com/chrome/answer/2765944?co=GENIE.Platform%3DAndroid&hl=ru

Mobil cihazların təhlükəsizliyini təmin etmək üçün:

Hər hansı bir məxfi məlumatın (kredit kartının nömrəsi, PIN-kod, şifrə və s.) ötürülməsinə imkan verməyin. Əlavə açılan pəncərələrlə ehtiyatlı olun və naməlum linklərə keçid etməyin. Qısa nömrələrə zəng etməzdən və ya SMS göndərməzdən əvvəl mobil operatordan xidmətin istifadə haqqı barədə məlumat alın. Şübhəli proqram təminatını yükləməyin, tanımadığınız fayl və naməlum əlavələri açmayın. Telefonunuzu tanımadığınız şəxslərə verməyin. “Windows” blokunun açılması və faylların arxivdən çıxarılması üçün SMS göndərməyin. Naməlum şəxslərdən gələn SMS-lərdə göstərilən nömrələrə pul köçürməyin. Buraxılmış zənglər zamanı zəng edən naməlum nömrəyə geri zəng etməyin. Antivirus proqramlarını yükləyin və mütəmadi olaraq onları yeniləyin. İnternet resurslarından hər hansı məzmun yüklədikdə xidmətdən istifadə qaydalarını, eləcə də qeydlər bölümünü diqqətlə oxuyun. Hədiyyə uduşu barədə şübhəli SMS aldıqda, göstərilən lotereya və ya kampaniyada iştirak edib-etmədiyinizi dəqiqləşdirin.

Vacib məlumat!

“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. Bildirilir ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün mobil operator abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyə, etibar doğurmayan internet saytlarından istifadə etməməyə, telefonlarını nəzarətsiz qoymamağa, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyə, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmamağa, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.

Abunəçilərə həmçinin təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə istifadə etdikləri mesaj mübadilə sistemlərində (“WhatsApp”, “Telegram”, “WeChat” və s.) və sosial şəbəkələrdə (“Facebook”, “İnstagram”, “Twitter”, “Reddit”, “TikTok” və s.) ikiqat autentifikasiyanın aktivləşdirilməsi, autentifikasiya üçün birdəfəlik şifrənin (OTP: ONE TIME PASSWORD) əldə edilməsi üsulunun SMS üzərindən deyil, daha təhlükəsiz hesab edilən telefon zəngi vasitəsilə edilməsi tövsiyə olunur. Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiq tətbiqin tənzimlənməsi bölümündən (ayarlar/settings/настройки) Yardım Mərkəzinə müraciət edilməsi xahiş olunur.

Göstərilənlər ilə yanaşı, mesaj mübadilə sistemlərində (“WhatsApp”, “Telegram”, “WeChat” və s.)  hesabın üçüncü şəxslər tərəfindən ələ keçirilməsi halları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Elektron Təhlükəsizlik Xidmətinin 1654 qaynar xəttinə müraciət etmək tövsiyə olunur.